Vyanada “Qafqaz və Mərkəzi Asiya - Qlobal iqtisadi çağırışlar şəraitində davamlı inkişafın təşviqi” mövzusunda Nazirlər Konfransı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun SİA-ya verdiyi məlumata görə, konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə turizm sahəsində aparılan islahatlar, həyata keçirilən tədbirlər barədə danışıb.
Dövlət başçısı İlham Əliyevin turizm sektorunun inkişafına xüsusi diqqət göstərdiyini iclas iştirakçılarının diqqətinə çatdıran Əbülfəs Qarayev qeyd edib ki, ölkənin turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, normativ-hüquqi aktların qəbulu, bu sahədə kiçik və orta sahibkarlığın təşviqi, müasir turizm infrastrukturunun yaradılması və ixtisaslı kadrların hazırlanması sahəsində bir çox mühüm tədbirlər həyata keçirilib: "Azərbaycan 30-a yaxın ölkə ilə turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb, Azərbaycanın turizmin inkişafı sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən biri qış turizm növlərinin inkişaf etdirilməsi məqsədilə Qusar rayonunda dağlıq ərazidə, dəniz səviyyəsindən 1400-2500 metr yüksəklikdə ən müasir standartlara cavab verən “Şahdağ Qış-Yay İdman-Turizm Kompleksi” inşa olunmasıdır. Kompleksin tikintisi başa çatdıqdan sonra hər gün 10000 turistin qəbulu təmin ediləcək, 5000-ə yaxın iş yerinin təşkilinə imkan yaranacaq".
Nazir çıxışında onu da qeyd edib ki, ötən il Azərbaycana gələn əcnəbilərin sayı ilk dəfə 2 milyon rəqəmini aşıb, ölkəmiz 2 milyon 239 min nəfər qonaq qəbul edib: "Bu, 2010-cu ilə nisbətən 14% çoxdur. Ölkədə 508 mehmanxana fəaliyyət göstərir, orada yerləşdirilmiş şəxslərin sayı 2010-cu illə müqayisədə 16,3% artıb, onların da 50%-dən çoxu xarici ölkə vətəndaşlarıdır. Təkcə ötən il Azərbaycanda 30 mehmanxana və mehmanxana tipli obyekt istifadəyə verilib. Hazırda isə ölkə ərazisində 45 mehmanxana inşa edilir, 178 turizm şirkəti fəaliyyət göstərir. Digər ölkələrin nümayəndələrinin çıxışından sonra konfrans debatlar şəklində davam etdirilib".
Samirə Abdullayeva