Əhməd Davudoğlu: “İnformasiya var ki, təyyarənin göyərtəsində mülki aviasiya tələblərinə cavab verməyən yük daşınır”
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Moskvadan Dəməşqə uçan təyyarənin Ankara hava limanına endirildiyini təsdiqləyib. “Airbus A-320” (bort nömrəsi SRY442) təyyarəsi Msokvanın “Vnukovo” hava limanından yola düşüb. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar təyyarəni enişə məcbur edib. Təyyarənin göyərtəsində 35 nəfər olub.
“İnformasiya var ki, təyyarənin göyərtəsində mülki aviasiya tələblərinə cavab verməyən yük daşınır. Mövcud qanunvericilik və beynəlxalq hüquqda nəzərdə tutulan tədbirlər görülür”, - TGRT telekanalının verdiyi məlumata görə, Afinada səfərdə olan Əhməd Davudoğlu deyib.
Nazirin sözlərinə görə, təyyarənin göyərtəsində 30 sərnişin var: “Bizim təyyarənin yükünü yoxlamaq hüququmuz var və bunu edirik”. Əhməd Davudoğlu bəyan edib ki, təyyarədə qadağan edilmiş yük, xüsusilə, silah aşkarlansa, beynəlxalq hüquqa uyğun addımlar atılacaq.
Türkiyəli nazir hesab edir ki, Suriya təyyarəsi ilə bağlı insident Rusiya ilə münasibətlərə mənfi təsir etməyəcək.
Türkiyə xarici siyasət idarəsinin rəhbəri bəyan edib ki, Türkiyənin hava məkanından istifadə edən Suriya təyyarələrinin yoxlanılması davam edəcək.
Vəli Vəliyev